REGİONLAR
Gəncədə Memorial Abidə Kompleksi və Şəhidlər xiyabanı ziyarət edilib
Gəncə, 27 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə 27 Sentyabr - Anım Gününə həsr olunan ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları “İstiqlal” parkının ərazisində yerləşən Memorial Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla anılıb. Məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səsləndirilib.
Tədbir şəhərin Şəhidlər xiyabanında davam edib. Rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət ediblər. "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bildirilib ki, 2020-ci ilin 27 sentyabr tarixi 30 illik işğala son qoyan şanlı Zəfərin ilk günü kimi tarixə düşüb. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatıb. Bu gün Vətənimizin hər bir nöqtəsində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmaqdadır. Qürurverici haldır ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Saat 12:00-da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.