REGİONLAR
Gəncədə musiqili-poeziya gecəsi keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Gəncədəki Montessori məktəbində Bakıdakı Rus evinin ədəbi klubu çərçivəsində musiqili-poeziya gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Gəncə şəhərində fəaliyyət göstərən Montessori məktəbi ilə birgə Bakıdakı Rus evi tərəfindən təşkil olunub.
Gecədə həm şairlərin müəllif əsərləri, həm də Yevgeni Yevtuşenko, Aleksandr Puşkin, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi rus və Azərbaycan klassik şairlərin şeirləri səslənib.
Tədbirdə Şəmkir şəhəri Cahangir Rüstəmov adına məktəbin direktoru Firuzə İmanova, Gəncə Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı kafedrasının dosenti Sevinc Bağırova və kafedranın tələbələri iştirak ediblər.
Musiqili-poeziya gecəsində klubun sədri Lalə Həsənova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Lalə Muxtarova, Günatay Hüseynova, Aytən Həsənzadə, Türkan Bayramzadə, Fidan Cəfərzadə, Aydan Allahyarova, Afər Ağayev, İlqar Məmmədov, Kamran Axundov, Əlizamət Babayev şeirlərlə çıxış ediblər.
Gecə Lalə Muxtarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Aminat Əhmədova və Əminə Bayramovanın ifasında yaddaqalan musiqili nömrələrlə müşayiət olunub.
Həmçinin Montessori məktəbində Bakıdakı Rus evinin “Nə? Harada? Nə vaxt?” İntellektual Oyunlar Klubunun dahi Müslüm Maqomayevin xatirə gününə həsr olunmuş növbəti oyunu keçirilib. Oyunda Gəncə şəhəri tədris müəssisələrinin şagirdləri iştirak ediblər. Altı komanda arasında gərgin mübarizə nəticəsində “Çənlibel” komandası qalib gəlib.