Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələri ilə bağlı cinayət işi başlanıb
Bakı, 16 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması məqsədilə müvafiq tədbirləri mütəmadi davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalar zamanı şəhər sakini Orxan Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxması ilə əlaqədar özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda, şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək orada işləməsi və beləliklə müştərilərlə mütəmadi təmasda olaraq, onların infeksiyaya yoluxması üçün real təhlükə yaratdığı aşkarlanıb. Polis əməkdaşları müvafiq tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.
Bundan başqa, polis əməkdaşları şəhər ərazisindəki stasionar postda xidmət aparan zaman sakin Elnurə Verdiyevanın koronavirus xəstəliyindən sağalmadığı halda, təcrid qaydalarının tələblərini pozaraq yaşadığı evi tərk etdiyini müəyyənləşdiriblər. Həmin vətənadaşa pandemiya barədə məlumat verilib və o, yaşadığı evə göndərilib.
Davam etdirilən tədbirlər nəticəsində şəhər sakini Sənan Hacıyevin də yaşadığı ünvanı tərk etməsi və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar olunub. S.Hacıyev də polis əməkdaşları tərəfindən yaşadığı evə göndərilib.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində Gəncədə ümumilikdə 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb. Həmin şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.