Gəncədəki müasir avtobus avtoparkından FOTOLAR VİDEO
Gəncə, 29 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə şəhər nəqliyyatını modernləşdirəcək yeni “BakuBus” avtobus avtoparkı açılıb.
10 hektar sahədə yerləşən üç yüz yerlik kompleksdə texniki baxış və təmir postları, avtomatlaşdırılmış yanacaq təsərrüfatı və saatda 60 avtobus yuma gücünə malik infrastruktur yaradılıb. Yeni avtopark 675 nəfərin işlə təmin olunmasına imkan verir.
“BakuBus” MMC-nin sözçüsü Əsmər Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, “BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.
Gəncə şəhərində avtobuslar 18 mövcud və 2 yeni marşrut üzrə fəaliyyət göstərəcək. Şəhərə gətirilən 280 avtobus yüksək ekoloji standart – EURO6 tələblərinə cavab verir və fərqli sərnişin tutumuna malikdir.
Avtopark layihəsi yalnız nəqliyyat infrastrukturunu müasirləşdirməklə kifayətlənmir, eyni zamanda, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinə, şəhərin nəqliyyat parkının yenilənməsinə və yeni iş yerlərinin yaradılmasına da töhfə verir.
Şəhərdə sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra layihələr də həyata keçirilib. Belə ki, Dəmiryol Vağzalının qarşısında nəqliyyat qovşağı– Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Bu məntəqədə sərnişinlər üçün əlçatan mühit təmin olunub. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin minib-düşmələri üçün ərazilər nəzərdə tutulub. İstirahət zonası, sərnişinlər üçün gözləmə zalına keçid, taksi dayanacağı təşkil edilib. Müasir tipli avtobus dayanacaqları və pavilyonlar quraşdırılıb. Ərazidə avtobusların dönmə radiusları, hərəkət trayektoriyaları və zolaqları standartlara uyğun tərtib olunub. Eyni zamanda, hər bir marşrut xətti üzrə avtobusların dayanması üçün yerlər ayrılıb. Ümumilikdə qovşağa 6 marşrut xətti daxil olacaq və onlardan ikisinin son dayanacağı burada yerləşəcək. Bundan əlavə, Samux istiqamətində hərəkət edən avtobusların da qovşağa gəlməsi nəzərdə tutulub.
Dəmiryol Vağzalı yaxınlığında müasir nəqliyyat qovşağı tələblərinə uyğun HUB təşkil olunub. Ərazidə bordürlər düzülüb, səkilər inşa edilib, dayanacaqlar quraşdırılıb. Bəzi ərazilərdəki dayanacaq məntəqələrində mövcud olan məhəccərlər sökülüb, avtobusların dayanma ərazilərində xətlənmə işləri aparılıb. Dayanacaq məntəqələri təkmilləşdirilib, xüsusilə bir neçə avtobusun daxil olması üçün şərait yaradılıb. Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq ümumilikdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 97 küçədə asfalt örtüyünün yenilənməsi işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Yenilənmə aparılan küçə və prospektlərdə müasir yanaşmadan istifadə edilib. Xətlənmə işləri yüksək keyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə 4000-dən çox yol nişanı quraşdırılıb.
Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2,7 kilometr mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə 2,6 kilometr yolun tikilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5,3 kilometrə çatdırılması planlaşdırılır.
Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşmə məntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlar quraşdırılıb. Sahibkarlar tərəfindən şəhərdə taksi fəaliyyəti göstərmək üçün yeni nəqliyyat vasitələri alınıb. Sürücülərə buraxılış vəsiqəsinin və kartının alınması üçün zəruri dəstək göstərilir. Bu il taksi sahəsində islahatların başlamasından sonra verilmiş buraxılış kartlarının sayı 5 dəfə artaraq 1100-ə çatıb.
Qeyd edək ki, taksi kimi fəaliyyət göstərən avtomobillərin 50 faizi 2021-2025-ci illər buraxılışıdır. Müvafiq təlimlərdən və imtahandan keçən sürücülərə buraxılış vəsiqələrinin verilməsi davam etdirilir.
Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilində ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.