GƏNCƏDƏKİ ŞAH ABBAS MƏSCİDİNİN TƏMİRİ ZAMANI KÖHNƏ ƏSGİNAZLAR TAPILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Gəncədəki Şah Abbas məscidinin əsaslı təmiri zamanı binanın hörgüsündən təxminən bir əsr əvvələ aid məktuba bükülmüş çar Rusiyasının kağız pulları tapılmışdır. Məktubdan məlum olur ki, Molla Qasım adlı bir şəxs öz vəsaiti ilə məscidi təmir etdirmiş və artıq qalmış 180 rublu məscidin divarında saxlatdırmışdır ki, gələcəkdə dini məbəd təmir olunanda həmin puldan istifadə etsinlər.
Gəncə Elmi Mərkəzindən bildirmişlər ki, tapılmış əsginazlar daha bir faktı dəqiqləşdirməyə imkan vermişdir. Əvvəllər məscidin sonuncu dəfə Cavad xanın dövründə təmir olunduğu güman edilirdi. Ancaq tapılmış məktub məsciddə sonuncu dəfə təmir işlərinin 1910-cu ildə aparıldığını göstərir.
Tapılan əsginazlar məscidin nəzdindəki kitabxanada saxlanacaqdır