MƏDƏNİYYƏT
Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb
Bakı, 13 may, AZƏRTAC
Bu gün Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçinin 80 yaşı tamam olur. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədibin həyat və yaradıcılığından bəhs edən geniş videomaterial, məlumat bülleteni, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, “Elin elçisi - Elçin” adlı videomaterialda Elçinin həyat və bədii yaradıcılığına, elmi fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Materialda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, professor Mir Cəlal Paşayevin, Xalq yazıçısı Anarın, həmçinin akademik Nizami Cəfərovun görkəmli ədib haqqında söylədikləri dəyərli fikirlər yer alıb. Videoçarxda, eyni zamanda, Elçinin “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar əks olunub. Bundan əlavə, ədibin foto və video görüntüləri də təqdim edilib.
Xalq yazıçısı Elçinin 80 illiyi ilə əlaqədar hazırlanan məlumat bülletenində onun haqqında yazılan, həmçinin özünün müəllifi olduğu kitablar, dövri mətbuatda dərc olunan əsər və məqalələrinə dair məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Xalq yazıçısı Elçin Əfəndiyev 80” adlı virtual kitab sərgisində Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, ədib haqqında yazılan “Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası”, “Elçin haqqında düşüncələrim”, həmçinin özünün müəllifi olduğu “Daha dərin qatlara”, “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində kitablarının biblioqrafik təsviri yer alıb. Virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları ilə bağlı məlumatlar da təqdim edilib.
Qeyd edək ki, kitabxanada açılan “Elçin Əfəndiyev - 80” başlıqlı ənənəvi sərgidə görkəmli dramaturqun həyat və fəaliyyətini əks etdirən kitablar, dərc edilən mətbuat materialları nümayiş olunur.