Gənclər Kitabxanasının yeni materialları istifadəçilərə təqdim edilib
Bakı, 19 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 145 və görkəmli qazax yazıçısı, ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyləri münasibətilə yeni elektron vəsaitlər hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Müasir Cümhuriyyətin memarı” və “Düşüncənin İpək Yolu” adlı vəsaitlər müasir texnologiyaların imkanlarından istifadə olunaraq süni intellekt vasitəsilə hazırlanmış informasiya resurslarıdır.
“Müasir Cümhuriyyətin memarı” adlı elektron vəsaitdə Mustafa Kamal Atatürkün keçdiyi şərəfli həyat yolu, Türkiyə Cümhuriyyətinin qurulması istiqamətində həyata keçirdiyi tarixi islahatlar, dövlətçilik ənənələrinin formalaşdırılması sahəsində gördüyü mühüm işlər geniş şəkildə işıqlandırılıb. Vəsaitdə Atatürkün siyasi fəaliyyəti, milli mübarizə dövründə göstərdiyi liderlik keyfiyyətləri, elmə, təhsilə və dünyəvi dəyərlərə verdiyi önəm məlumatlandırıcı formada təqdim olunub.
“Düşüncənin İpək Yolu” adlı elektron vəsait isə Oljas Süleymenovun mənalı həyat yoluna və zəngin yaradıcılığına həsr edilib. Materialda onun ədəbi-bədii irsi, ictimai-siyasi fəaliyyəti, türk xalqlarının mənəvi birliyinə verdiyi töhfələr, Qazaxıstan ədəbiyyatının və tarixinin inkişafı istiqamətində gördüyü mühüm işlər geniş şəkildə əks olunub. Eyni zamanda yazıçının əsərlərində milli yaddaş, tarixi kimlik və humanist ideyaların təcəssümü də xüsusi vurğulanıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bundan sonra da milli-mədəni irsin təbliği, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin geniş auditoriyaya çatdırılması və müasir texnologiyaların kitabxana-informasiya sahəsində tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
“Müasir Cümhuriyyətin memarı” və “Düşüncənin İpək Yolu” adlı vəsaitlər kitabxananın rəsmi saytında https://www.ryl.az/electronic-services/AI_kitab_teqdimatlari yerləşdirilib.