Gənclər Təşkilatları Milli Şurasının Vətən müharibəsi dövründə fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 4 fevral, AZƏRTAC
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Azərbaycanda qeyri-hökumət təşkilatlarının Vətən müharibəsi dövründə humanitar fəaliyyətinə dair hesabatı dərc edib.
Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) AZƏRTAC-a bildiriblər ki, Şura həmin hesabatda ən fəal təşkilatlardan biri kimi ikinci yerdə qərarlaşıb.
Sıralarında 133 üzv təşkilatı toplayan NAYORA Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi Qələbə qazandığı Vətən müharibəsində arxa cəbhədə olduqca fəal rol oynayıb, müharibədən zərər çəkən ailələrə gənclərin dəstəyini nümayiş etdirmək üçün yardım kampaniyaları həyata keçirib. Müharibə zamanı ordu sıralarına qoşulmuş gənc əsgərlərin aztəminatlı ailələrinə sosial yardım paketləri göndərilib, eləcə də ailələrə mənəvi dəstək göstərilib.
Bundan başqa, NAYORA gənclər təşkilatlarını səfərbər edərək, informasiya müharibəsində düşmən təxribatlarını ifşa edən bəyanatlar verərək, dünyanın nüfuzlu gənclər təşkilatlarına ünvanlayıb.
NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra Azərbaycan gəncliyinin layiqli təmsilçiliyi üçün gənclər təşkilatlarının beynəlxalq sferada fəallığının təmin edilməsi prioritet istiqamət kimi müəyyən olunub.
Qeyd edək ki, hesabatla https://www.humanitarianresponse.info/en/operations/azerbaijan keçid vasitəsilə tanış olmaq mümkündür.