Gənclər üçün Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiya təşkil olunub
Bakı, 25 aprel, AZƏRTAC
Bu gün gənclərin Dövlət Sərhəd Xidməti Akademiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə layihəsi çərçivəsində Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyası təşkil edilib.
Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, gənclər əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət ediblər.
Sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin Sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksəkixtisaslı hərbi-pedaqoji hеyət barədə geniş məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində gənclər, kursantların dərs prosesi və məişət şəraiti ilə yaxından tanış olublar.