Gənclər üçün incəsənət həftəsi keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 9-dan 14-dək “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində incəsənət həftəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir bədən dili, inklüziv rəqs, rəsm terapiyası, oyuncaq hazırlamaq texnikası, hekayə söyləmə və pantomima teatr növünə həsr olunub. İncəsənət həftəsinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi, Xəzər və Mingəçevir gənclər evlərindən mentor və iştirakçılar qatılıblar. Sessiya zamanı iştirakçılar müxtəlif incəsənət janrları ilə tanış olub, interaktiv məşğələlərdə iştirak ediblər. İncəsənət həftəsi boyunca layihə üzvləri uğurlu təqdimat texnikalarını, çıxış üçün bədən dilinin düzgün istifadə qaydalarını, rəsm və oyuncaq terapiyasının əhəmiyyətini, uğurlu hekayə söyləmə və teatr növlərinin kommunikasiyadakı təsirini göstəriblər.
"Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqları aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, “UNICEF Azərbaycan”ın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir.