GƏNCLƏR VƏ İDMAN NAZİRİ AZAD RƏHİMOV SLOVENİYANIN “DELO” QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Bakı, 8 oktyabr (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov
Sloveniyanın “Delo” qəzetinə müsahibə vermişdir.
Dəfələrlə Sloveniyada olduğunu, bu ölkəni çox bəyəndiyini bildirən nazir, hətta Pekin Olimpiya oyunları zamanı idmançılarımızın bir sıra geyimlərinin Sloveniyanın məşhur “Mura” şirkətinə həvalə edildiyini də diqqətə çatdırmışdır.
Müsahibə zamanı ilk olaraq bir neçə gün bundan öncə nazir Azad Rəhimovun Danimarka səfərinə və 2016-cı il Olimpiya Oyunlarının Braziliyada keçirilməsinə toxunulmuşdur. Müsahib artıq dəfələrlə Olimpiya Oyunlarının Şimali Amerika, Avropada keçirilməsinə baxmayaraq, Latın Amerikası ölkəsində bu yarışların ilk dəfə gerçəkləşəcəyini, bunun üçün çox sevindiyini, hətta Braziliyaya səs verdiyini də bildirmişdir. Eyni zamanda nazir, 2016-cı il Olimpiya Oyunlarına Bakının da namizəd şəhər olduğunu və ilkin mərhələdə iştirak etdiyini qeyd etmişdir.
Azad Rəhimov müsahibəsində söyləmişdir: “Azərbaycan hökuməti sözün əsl mənasında Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməsi üçün böyük əmək sərf etmişdir. Lakin məğlubiyyətə baxmayaraq görülən işlərin hər biri idmanın inkişafına yönəlmişdir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, idman sahəsində gedən inkişaf 2020-ci ildə Azərbaycana yenidən öz namizədliyini irəli sürmək imkanı yaradacaqdır.”
İdman uğurlarından söz açan nazir 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançılarının 1 gümüş, 2000-ci ildə Sidneydə 3 medal (1 qızıl və 2 bürünc), 2004-cü ildə Afinada 5 medal (1 qızıl və 4 bürünc) və 2008-ci ildə isə Pekində keçirilmiş Olimpiya oyunlarında 7 medal (1 qızıl, 2 gümüş və 4 bürünc) əldə etdiklərini qeyd etmişdir.
Azad Rəhimov müsahibəsində həmçinin bildirmişdir ki, 1999-2003-cü illər ərzində Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 862 medal qazanmışlar ki, onlardan 264-ü Olimpiya idman növlərinin, 598-i isə qeyri-olimpiya növlərinin payına düşür. 2004-2008-ci illərdə isə ümumilikdə 1693 medal qazanılmışdır ki, onlardan da 629-u Olimpiya idman növlərinə, 1064-ü isə qeyri-olimpiya idman növlərinə aiddir. Son 5 il ərzində qazanılan ümumi medalların sayı 2 dəfə, Olimpiya idman növləri üzrə isə 2,3 dəfə artmışdır.
Nazir son 5 ildə Azərbaycanda 105 beynəlxalq idman tədbirinin də təşkil olunduğunu bildirmişdir. Olimpiya kompleksləri haqda da geniş məlumat verən A.Rəhimov ölkəmizdə artıq 21 belə kompleksin istifadəyə verildiyini, 15-nin də növbəti il hazır olacağını diqqətə çatdırmışdır.
İdman sahəsindəki son uğurlar haqda məlumat verən nazir atletika, ağır atletika, avarçəkmə, bədii gimnastika, cüdo və digər idman növlərini qeyd etmişdir. Azərbaycanda ən populyar idman növləri arasında güləş, taekvondo, cüdo, gimnastikanın olduğunu bildirmişdir.
Azad Rəhimov müsahibədə demişdir ki, “bir zamanlar boks idman növü də həddən ziyadə populyar idi. Lakin əfsuslar olsun ki, son zamanlar boksçular heç də pərəstişkarlarını sevindirmirlər. Dəfələrlə baş məşqçi dəyişikliyi olsa da, nəticə qaneedici deyil. Bu səbəbdən mən noyabrda Kubaya səfər edəcəm, orada müxtəlif görüşlər zamanı baş məşqçi mövzusuna da toxunacam.”
Futbol sahəsində vəziyyətə toxunan Azad Rəhimov son zamanlar bu idman növündə böyük inkişafın olduğunu vurğulamışdır. Bildirmişdir ki, dövlət qayğısı olmadan idman sahəsində nailiyyət əldə etmək çox çətin olur. Futbol federasiyası da daim dövlətlə sıx işləməli, futbol məktəblərinin və akademiyalarının, gənclərdən ibarət komandaların sayı artırılmalıdır.