MƏDƏNİYYƏT
GƏNCLƏRİN ZONA YIĞINCAĞI
Aprelin 16-da Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında respublikanın şimal bölgəsi gənclərinin zona yığıncağı keçirilmişdir.
Quba, Xaçmaz, Siyəzən, Dəvəçi, Xızı, habelə Apşeron və Qubadlı rayonları gənclərinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, əbədi məşəlin önünə əklil qoydular, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladların məzarları üzərinə tər çiçəklər düzdülər.
Mədəniyyət sarayının foyesində şimal bölgəsi gənclərinin bədii yaradıcılıq sərgisi təşkil olunmuşdu.
Gənclər, İdman və Turizm Nazirliyinin şöbə müdiri İndira Hacıyeva məruzə ilə çıxış edərək bildirdi ki, gənclərin 3-cü Respublika forumu ərəfəsində ölkəmizin bölgələrində zona yığıncaqları keçirilir. Bu yığıncaqlarda rayonların, nazirliklərin rəhbərlərinin iştirak etməsi konstruktiv dialoq üçün əlverişli şərait yaradılmasına, gənclərin aktual problemlərinin və onların həlli yollarının müəyyənləşdirilməsinə kömək göstərir. Məruzəçi gənclərin əvvəlki forumundan sonra nazirliyin gördüyü işlərdən də söhbət açdı.
Yığıncaqda çıxış edənlər Azərbaycan Prezidenti Heydər Əliyevin gənclərə daim qayğı və diqqət göstərməsindən danışdılar. Respublikada gənclər hərəkatının inkişafında Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rolunu vurğulayan natiqlər bildirdilər ki, onun apardığı genişmiqyaslı iş idmançılarımızın yüksək nəticələr qazanmasına imkan vermişdir və o, haqlı olaraq, Azərbaycan gənclərinin lideri sayılır.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.
Axırda Sumqayıtın gənc istedadlarının konserti oldu.
Yığıncaqda iqtisadi inkişaf naziri Fərhad Əliyev, Gənclər, İdman və Turizm Nazirliyinin, Sumqayıt icra hakimiyyətinin rəhbərləri iştirak edirdilər.