“GEOLOGİYA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ” ÇAPDAN ÇIXMIŞDIR
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadənin təşəbbüsü və baş redaktorluğu ilə tərtib edilmiş lüğətdə geologiya və ona yaxın elmi sahələrə aid ən mühüm terminlər, anlayışlar və onların izahı verilmişdir. 6400 sözün izahı verilmiş nəşrin məqsədi Azərbaycan dilində geologiya terminologiyasını təkmilləşdirməkdir. Lüğət tərtib edilərkən əsas mənbə kimi, 1978-ci ildə Moskvada nəşr edilmiş “Qeoloqiçeskiy slovar”dan, son illərdə xarici dillərdə, əsasən də rus dilində nəşr olunmuş xüsusi lüğət, geologiya elminin müasir problemlərinə həsr edilmiş əsər, monoqrafiya və dərsliklərdən istifadə olunmuşdur.
Lüğətin yaradılmasının zərurəti barədə məlumat verərkən akademik Akif Əlizadə demişdir ki, kitab Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanmışdır. Bununla Geologiya İnstitutunun alimləri latın qrafikasında kütləvi elmi nəşrlərin sayını artırmışlar. Bu nəşr tədrisin və elmi tədqiqat işlərinin doğma dilimizdə aparılması, geologiya elminin müasir səviyyədə tədrisi üçün olduqca əhəmiyyətli vəsaitdir.