GİLƏZİ VƏ BİLƏSUVAR BROYLER MÜƏSSİSƏLƏRİNDƏ KARANTİN GÖTÜRÜLDÜ
İ.Həsənov məlumat vermişdir ki, Giləzi və Biləsuvar broyler müəssisələrində lazımi baytarlıq-sanitariya tədbirləri həyata keçirildiyi üçün tətbiq olunan karantin götürülmüşdür. Yaxın günlərdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində də karantinə ehtiyac qalmayacaqdır.
Xidmətin rəisi, həmçinin bildirmişdir ki, martın 23-də Ağdam rayonundakı Bənövşələr qəsəbəsindən Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş xəstə qazda quş qripi virusu aşkar edilmişdir. Bu, həmin qəsəbədə yeganə haldır.
İ.Həsənov bir daha xatırlatmışdır ki, vurusun daşıyıcıları köçəri quşlardır. Ona görə də əhali ov üçün qoyulmuş qadağaya əməl etməlidir. Təəssüf ki, bəzi ovçular bu qadağanı pozur. Belə ki, martın 16-da mütəxəssislərimiz Qaradağ rayonunun dəniz sahilində 150 ov quşunun kəsilmiş başını tapmışlar. Biləsuvarda isə 6 ov tüfəngi götürülüb. Deməli, bu başabəla ovçuları ailə üzvlərinin həyatı maraqlandırmır. Dəfələrlə təkrar etmişik ki, çöl quşları ilə təmasdan çəkinin, təsərrüfatınızdakı qanadlıları qapalı yerdə saxlayın.
Bildirilmişdir ki, bu günə qədər 26 min vəhşi quş cəsədi yandırılıb basdırılmışdır. Bir müddət əvvəl gündə 600-700 cəsəd tapılırdısa, indi həmin rəqəm 5-6-ya enib.
Jurnalistlərin suallarına cavab verən xidmət rəisi bildirmişdir ki, broyler toyuğunu yemək olar. Yaşayış məntəqələrini içməli su ilə təmin edən hövzələr qorunur. Ümumiyyətlə bu virus sudan insana keçmir, balıqlar ona yoluxmur. Çəkinmədən çimərliklərdən istifadə etmək olar. Həmin ərazilər müntəzəm olaraq dezinfeksiya olunur, mütəxəssislərin nəzarəti altındadır.
KİV nümayəndələrindən xahiş edilmişdir ki, sensasiya xatirinə yoxlanılmamış, əhali arasında xof yaradan məlumatları qəzet səhifəsinə, ekran və efirə çıxarmasınlar.