GİMNASTLARIMIZ BRESTDƏ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Məşqçi İradə Qurbanova yetirmələrinin çıxışından razı qalmışdır. O demişdir: “Qızlar yaxşı səviyyə, mürəkkəb elementlər və dəqiq müvazinət nümayiş etdirdilər. Yeri gəlmişkən, biz dünya çempionu olan Belarus cütlüyünü arxada qoyduq. Zəif çıxış edən bu cütlük 6-cı yerlə kifayətləndi. Turnirdə isə 7 ölkədən cəmi 18 cütlük iştirak edirdi.
Məşqçi bildirmişdir ki, Ayla Əhmədova və Dinara Abbasova, bürünc mükafatdan savayı, təşkilatçıların “Ən çətin elementə görə” mükafatını da almışlar.
Bakıda isə idman gimnastikası üzrə XIII Azərbaycan çempionatı keçirilmişdir. Teymur Şaxlamazov artıq 3-cü ildir idman ustaları arasında çempion olur. OMİK-in nümayəndəsi noyabrın 23-25–də keçirilən çoxnövcülük yarışlarında 89,3 bal toplamışdır. İkinci yerə yenə də OMİK-in nümayəndəsi Şakir Şıxəliyev, üçüncü yerə isə Bakı gimnastika məktəbinin yetirməsi Fərid Ağazadə layiq görülmüşlər.
İdman ustalığına namizədlər arasında qələbəni OMİK-in nümayəndəsi Ruslan Balakişiyev bayram etmiş, ikinci yeri Fərrux Dadaşov (respublika Olimpiya idman liseyi), üçüncü yeri Mirvaqif Bağırov (gimnastika məktəbi) tutmuşlar.
Birinci dərəcəli gimnastların turnirində fəxri kürsünün ən yüksək pilləsinə Olimipiya idman liseyinin nümayəndələri - Altay Əhədov, ikinci dərəcəlilər arasında Şamil İsmayılov, üçüncü dərəcəlilər arasında isə Emil İsmayılov qalxmışlar.