GİMNASTLARIMIZ YUNANISTANDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastları Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova Xorvatiyada keçirilən təlim-məşq toplanışlarının çox mühüm olduğunu bildirmişlər. Bu yaxınlarda Bakıda keçirilən Avropa çempionatının qızıl və bürünc mükafatçıları respublika Gimnastika Federasiyasının əməkdaşları ilə telefon söhbətində demişlər ki, bu məşqlər faydalıdır və olduqca maraqlı keçir. Əvvələn, biz Rusiya gimnastları ilə birlikdə məşq edirik. İkincisi, Rusiya yığmasının baş məşqçisi İrina Viner bizi indidən sentyabr ayında Yunanıstanda keçiriləcək yarışlara hazırlaşdırır. Əsas diqqəti xüsusi fiziki hazırlığa, proqramlarda mürəkkəb elementlərdən istifadəyə və qarşıdakı dünya çempionatındakı çıxışlarımızın təkmilləşdirilməsinə yönəldirik.
Dünya çempionatında iştirak etmək iddiasında olan Zeynəb Cavadlı da bu günlərdə əsas üçlüyə qoşulmuşdur.
Lakin indi gimnastlarımız avqust turnirlərinə hazırlaşırlar. Aliyə Qarayeva və Anna Qurbanova tələbələrin avqustun 8-də Banqkoqda açılacaq Dünya Universiadasında iştirak edəcəklər.
Azərbaycanın yaşlılardan ibarət qrup komandası da dünya çempionatına hazırlaşır. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Tryopina və Anastasiya Makarovadan ibarət kollektiv bu yaxınlarda Sankt-Peterburqda təlim-məşq toplanışından qayıtmışdır. Qrupun məşqçisi Natalya Nərimanova həm təlimlərdən, həm də komandanın hazırlıq səviyyəsindən razı qalmışdır. O demişdir ki, biz Universiadaya hazırlaşan Rusiya qrupu ilə birlikdə məşq edirdik. Rusiya mütəxəssisi İnna Bıstrova ilə birlikdə ip, halqa və gürzlə hərəkətlər təkmilləşdirilmiş, təmrinlər daha dolğun xarakter almışdır.
Hazırda qrup Bakıda məşq edir və dünya çempionatınadək yarışlarda bu yeniliklərdən istifadə etmək istəyir. Bu yarışlardan birincisi avqustun 11-də Təl-Əvivdə keçiriləcəkdir. Burada planetin ən yaxşı qrup komandaları Dünya kuboku yarışlarının növbəti mərhələsində güclərini sınayacaqdır.