Gömrükçülər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, faciəni əks etdirən videoçarx nümayiş etdirilib.
İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev Xocalı faciəsinin başvermə səbəbləri, Ermənistanın əsrlər boyu yürütdüyü işğalçılıq siyasətindən bəhs edib.
Bildirilib ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 adam girov götürülüb.
XX əsrin ən qanlı hadisələrindən biri kimi tarixdə qalan Xocalı soyqırımına əsl siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyəti, gərgin əməyi sayəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.
Mərasimdə tanınmış idmançılar, Xocalı hadisələrinin şahidləri öz təəssüratlarını bölüşüblər. Tədbirdə o da qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez layiqli cəzalarını alacaqlar.