Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ev-muzeyi ziyarət olunub
Gəncə, 25 aprel, Elcan Məmmədov, AZƏRTAC
Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetinin (GDU) Kimya-biologiya fakültəsinin fəal tələbələri görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətçilər əvvəlcə ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin büstü önünə tər çiçəklər düzüblər.
Sonra muzey bələdçiləri XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji, ədəbi fəaliyyəti və ev-muzeyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.
Ədəbiyyatşünas alimin şəkilləri, şəxsi əşyaları və ailəsinə yazdığı məktubları ilə tanışlıq tələbələrin böyük marağına səbəb olub.