Göyçay çayında suyun istiqaməti dəyişdirilərək tənzimləmə işlərinə başlanılıb VİDEO
Göyçay, 6 sentyabr, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı Təmir-Tikinti İdarəsi tərəfindən Göyçay və Ağdaş rayonlarında meliorativ tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Göyçay şəhərindən axan eyniadlı çayda tənzimləmə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çayın məcrasının genişlənərək ətraf əraziləri yumaması üçün sahil-bərkitmə və bənd işləri sürətlənib. Hazırda çayda işlərin aparılması üçün suyun istiqaməti dəyişdirilib, idarənin bir buldozer və bir ekskovatoru gücləndirilmiş iş rejimində çalışır.
Ağdaş rayonunda isə suvarmada önəmli rolu olan torpaq məcralı kanal lildən və qamışdan təmizlənir. Bununla da kanalla ötürülən suyun sürəti artmaqla yanaşı, itkisiz olaraq su istifadəçilərinə çatdırılması təmin olunur. Hazırda idarənin iki ekskovatoru Türyançay kanalında lildən təmizləmə işlərinə cəlb olunub.
Qeyd edək ki, Göyçay rayonundan axan Göyçay çayında tənzimləmə işlərinin çay boyu 2 kilometrə yaxını artıq geridə qalıb. Ağdaşda isə suvarma kanalının 10 kilometri lildən təmizlənib.