Göyçay rayonunda xurma, nar və heyva bağlarında monitorinqlər aparılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Milli Monitorinq Planı çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun Mirzəhüseynli, Qızılağac, Şıxbəy, Potu, Cəyirli kəndlərində yerləşən xurma, nar və heyva bağlarında monitorinqlər keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri və xəstəlikləri, xüsusən də Göyçay rayonunda təsərrüfatlarda rast gəlinən karantin tətbiq edilməyən Hisli kif ləkəsi, Fuzarioz soluxma, Vergülvari qalxanlı yastıca, Nar meyvəyeyəni, karantin tətbiq edilən Komstok yastıcası və s. kimi zərərli orqanizmlərə qarşı mövsümə uyğun aparılmalı mübarizə tədbirləri, eləcə də pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib. Həmçinin görülmüş tədbirlərin bitki sağlamlığının izlənməsi jurnalında qeydiyyatının aparılmasının zəruriliyi bildirilib.
Bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində nar bitkisində karantin tətbiq edilməyən Qara kiflilik və Keçibuynuzu güvəsi tırtıl mərhələsində aşkar edilib. Təsərrüfatda zərərli orqanizmlərin daha geniş ərazilərə yayılmaması və baş verə biləcək məhsul itkisinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülüb.