Göyçayda bölgə gənclərinin iştirakı ilə “Karyera üçün təhsil” mövzusunda təlimlər keçirilib
Göyçay, 15 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda region gənclərinin bacarıqlarının artırılması istiqamətində “Karyera üçün təhsil” layihəsinin icrası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “PAŞA Holding”, “PAŞA Sığorta” və “Azərbaycan Gənclərinin Nailiyyəti-Junior Achievement Azerbaijan” İctimai Birliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, eləcə də Göyçay Peşə Liseyində təlimlər keçirilib.
Tələbə və məzunların iştirak etdiyi tədbirdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi, təlimçi Şahrun Əkbərova və Leyla Həmidova çıxış edərək layihə barədə məlumat veriblər. Qeyd olunub ki, “Karyera üçün Təhsil” layihəsinin məqsədi gənclərin bilik və bacarıqlarının, məşğulluq imkanlarının artırılmasıdır. Layihə peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsilə gəncləri gələcək karyeralarında uğur qazanmağa istiqamətləndirir.
2017-2018-ci tədris ilini əhatə edən layihədən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində və Göyçay Peşə Liseyində təhsil alan region gəncləri, eləcə də orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyən 17-29 yaşlı 200 nəfər gənc faydalanır. Onlar üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunur. Eyni zamanda, layihənin sonunda təşkil ediləcək təcrübə proqramı bölgə gənclərinin məşğulluq imkanlarını artırmağa şərait yaradacaq.
Təqdimat zamanı iştirakçılara metodiki məlumatlar və bukletlər paylanılıb, verilən suallar cavablandırılıb. Sonda iştirakçıların seçim prosesi olub.