Göygöldə sakinlər arasında sorğu keçirilib, təkliflər qeydə alınıb
Göygöl, 25 aprel, Elcan Məmmədov, AZƏRTAC
Göygöl rayonunda sakinlər arasında icra hakimiyyəti və strukturlarının fəaliyyətinin qiymətləndirilməsi, elektron xidmətlərdən istifadə, həmçinin turizm potensialının inkişafı və digər sahələr üzrə fikir və təkliflərin öyrənilməsi məqsədilə sorğu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl şəhəri, Balçılı, Toğanalı, Yeni Zod, Sarısu, Topalhəsənli, Şəhriyar, Dozular kənd və Göygöl Milli Park ərazisində “ASAN Könüllülər” təşkilatı, YAP Gənclər təşkilatı, Göygöl Gənclər Evi və Aqrar İnkişaf könüllərinin dəstəyi ilə keçirilən sorğuda 300-dən çox vətəndaş iştirak edib.
Sorğunun nəticələrinə əsasən, sakinlər yeni turizm subyektlərinin formalaşdırılması, aqrar sahədə olan su probleminin aradan qaldırılması, internetin sürətinin artırılması, qazlaşdırılmamış ərazilərə qaz xəttinin çəkilməsi, yeni yaşayış massivlərində yolların asfaltlanması və digər məsələlərlə bağlı təkliflər irəli sürüblər.