Göygöldə tank əleyhinə raket aşkarlanıb
Bakı, 18 may, AZƏRTAC
May 18-də saat 10:04-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Göygöl rayonu, Çaylı kəndi ərazisində 1 ədəd hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Çaylı kənd Tibb Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7L raketi aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.