Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Göygöl rayonunda torpaqların idarə edilməsi sahəsində qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, xidmətin tabeliyindəki qurumların nümayəndələri ilə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli bələdiyyə sədrləri arasında görüş keçirilib. Tədbirdə dövlət və bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi məsələlərinə toxunulub.
Bununla yanaşı, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun istifadə edilməməsi hallarının aradan qaldırılması tədbirləri, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, dekabrın 1-də Gəncə şəhərində torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçiriləcək. Zona müşavirəsindən öncə təşkil olunan görüşlərin məqsədi yerli bələdiyyələrin mövcud sahədə olan problemlərini dinləmək, araşdırmaq, mümkün həllini təmin etmək və müvafiq izahatlar verməkdir.