Güləşçi Rafiq Hüseynov: Azərbaycan komandası özünü layiqincə göstərdi və yeni zirvələrə ucaldı
Bakı, 13 oktyabr, AZƏRTAC
Düşünmürdüm ki, bu yarış mənə dünya çempionatından, Avropa çempionatından çətin olacaq.
Bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Mərkəzi Ordu İdman Klubunun nümayəndəsi, Koreya Respublikasında keçirilmiş hərbçilərin VI dünya idman oyunlarının iştirakçısı Rafiq Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.
İdmançı qeyd edib ki, oyunlarda dünyanın müxtəlif ölkələrdən ən güclü güləşçilər iştirak ediblər. Lakin çətinliyə baxmayaraq ölkəmizin təmsilçisi qızıl medal qazana bildi.
Gələcək uğurlara əminliyini bildirən R.Hüseynov deyib: “Azərbaycan komandası özünü layiqincə göstərdi və yeni zirvələrə ucaldı”.
Sərbəst güləş üzrə bürünc medalçı Ağahüseyn Mustafayev bildirib ki, yarımfinalda rusiyalı rəqibinə 1:3 hesabı ilə məğlub olub. O vurğulayıb ki, məşqlərini davam etdirəcək və nöqsanlarını aradan qaldırmaq üçün var qüvvəsi ilə çalışacaq.