GÜRCÜSTAN MİLLİ AKADEMİYASINDA ERMƏNİKƏLƏKLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı Gürcüstan MA-nın prezidenti V.Ramişvili açaraq, gündəlikdəki məsələ barədə qısaca məlumat vermişdir. Alimlərdən S.Mosidze “Milli ləyaqəti tapdalamaq qadağandır”, A.Totadze “Bəzi erməni “alimləri” Tbilisinin əhalisi haqqında”, A.Abdaladze “Gürcü-erməni münasibətləri tarixindən (1918-21-ci illər)”, A.Axuaşvili “Gürcüstan torpağında erməni etnik prosesləri”, Q.Mancqaladze “Gürcüstanla Ermənistan arasında hərbi münaqişələrin tarixi və bugünki gün” mövzusunda çıxış etmişlər. Digər alimlərin çıxışları da dinlənilmişdir.
Tarix elmləri doktoru Severian Mosidze AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd etmişdir ki, ermənilər Gürcüstana mərhələlərlə gəlmişlər. Baş verən müharibə və iğtişaşlar nəticəsində yerli ermənilər qonşu dövlətlərə, o cümlədən Gürcüstana qaçırdılar. Ermənistan dövlətçiliyini itirdikdən sonra Gürcüstanda ermənilər xüsusilə çoxaldı. XIX əsrin əvvəllərində Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra ermənilər Gürcüstanın Cavaxeti və Mesxeti bölgələrində yığcam şəkildə məskunlaşdılar. Gürcü xalqı onlara sığınacaq verdi, ermənilər isə bunun əvəzində tarixi abidələri dağıtmağa, özününküləşdirməyə başladılar. Hazırda Cavaxetidə heç bir kilsənin üzərində gürcü yazısı qalmayıb, gürcülərə aid izlər silinmişdir. Ermənilər gürcü kilsələrinin yazılı daşlarını dəyişdirmiş və sübut etməyə çalışırlar ki, bu bölgədə 650 erməni kilsəsi olmuşdur. Başabəla erməni alimləri bütün izləri itirməyə və Cavaxetinin Gürcüstan ərazisi olduğu fikrini inkar etməyə çalışırlar.
Alim vurğuladı ki, Daşnak partiyası Axalkalakidə “Cavaxk” təşkilatı yaratmış və bölgəyə muxtariyyət statusu verilməsini və ərazinin Ermənistana qatılmasını tələb edir. Bu məqsədlə onlar bölgədə gürcülərə məxsus olan hər şeyi məhv edir, gürcüləri buradan qovurlar. Erməni alimləri isə guya Cavaxetinin Ermənistan ərazisi olmasını Avropa ölkələrinə də yaymağa çalışırlar. O xatırlatdı ki, bir müddət əvvəl Almaniyada çap olunmuş illüstrasiyalı jurnalda “Rustavi” ansamblı erməni musiqi kollektivi, onun rəhbəri Erkomaişvilini erməni, gürcülərin məşhur və sevimli “Mravaljamier” mahnısını isə erməni mahnısı kimi qələmə vermişlər.
Mosidze dedi: “Biz həmin konfransda onların əməllərini pislədik və elmi dəlillərlə sübut etdik ki, ermənilər bu bölgələrə gəlmədirlər”.