Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamentariləri, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.