Hafiz Səfixanov: 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
Bakı, 12 may, AZƏRTAC
Mina problemi ölkəmiz üçün böyük problemdir. Azərbaycan öz daxili vəsaiti, gücü hesabına problemin öhdəsindən gəlməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
“Vətən müharibəsi başa çatan kimi ölkə rəhbərliyinin göstərişi ilə Azərbaycanın bütün qüvvələri minaların təmizlənməsi prosesinə cəlb olunub. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi yenidən quruldu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin müvafiq qüvvələri ölkədə minaların təmizlənməsi prosesinə cəlb olundu. Səksən min hektardan çox ərazi minalardan artıq təmizlənib, 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Ancaq ilkin verilən məlumatlarda bildirilir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1 milyon və ya 1 milyondan çox mina və partlamamış hərbi sursatın olması bilinir. Rəsmi səviyyədə bildirilir ki, ölkədə minaların və partlamamış hərbi sursatların təmizlənməsinə təxminən 30 il vaxt, 15 milyard ABŞ dolları vəsait lazımdır. Təəssüflər olsun ki, Azərbaycan hələ ki, beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi ala bilmir.
Əhalimizə bildirmək istəyirəm ki, biz özümüzü aldatmamalıyıq. Bu, 3-5 günlük yox, uzunmüddətli bir problemdir. Bu problemdən salamat qurtarmaq üçün biz beynəlxalq təcrübəyə əsaslanmalıyıq. Bizim yeganə çıxış yolumuz maariflənməkdir. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə cəlb olunmuş vətəndaşlara və keçmiş cəbhəyanı ərazilərdə yaşayanlara aiddir. Maarifləndirmə tədbirlərinə ciddi əməl etmək lazımdır, verilən tapşırıqlardan kənara çıxmaq lazım deyil”, - deyə H.Səfixanov qeyd edib.