CƏMİYYƏT
Hakan Bozkurt: Azərbaycanlı qardaşlarımızın yanımızda olması yerli əhalinin yanğınla mübarizədə nikbinliyini artırır
Muğla, 5 avqust, AZƏRTAC
Türkiyədəki yanğınlar böyük fəlakətdir. Muğla vilayətinin Kavacık rayonu ərazisindəki meşə yanğınları şiddətlənib. Böyük ərazi və bir neçə kənd təhlükə ilə üz-üzədir. Ərazidə təxliyə işləri apardıq. Burada Azərbaycan yanğınsöndürənlərini və media təmsilçilərini görməkdən çox məmnun olduq. Azərbaycanlı qardaşlarımızın burada olması yerli əhalinin fəlakətə qarşı mübarizədə nikbinliyini daha da artırır.
Bu fikirləri AZƏRTAC-ın bölgədəki xüsusi müxbirinə açıqlamasında Humanitar Yadım Vəqfinin axtarış-xilasetmə qrupunun rəhbəri Hakan Bozkurt ifadə edib.
Ərazidə görülən tədbirlərdən danışan Hakan Bozkurt deyib: “Alovun və tüstünün insanlara, eləcə də canlı aləmə fərqli təsiri var. Əminik ki, bu böhranın qarşısını tezliklə ala biləcəyik. Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı xalqımıza və dövlətimizə böyük köməkdir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla