Həkim müayinəsi olmadan və analiz vermədən vitamin qəbulu yolverilməzdir
Bakı, 1 mart, AZƏRTAC
Həkim müayinəsi olmadan və analiz vermədən vitamin qəbulu yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı mütəxəssis-ekspert, terapevt Zakir Quliyev deyib.
Mütəxəssisin sözlərinə görə, müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir: “Vitamin çatışmazlığı orqanizm üçün nə qədər zərərlidirsə, vitamin çoxluğu da sağlamlıq üçün bir o qədər problem yarada bilər. İmmun sistemini gücləndirmək üçün yuxu rejiminə və sağlam qidaların istehlakına diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, yaxşı qidalanmaq çox yemək deyil, balanslı qidalanmaqdır”, - deyə həkim bildirib.
Uşaqlarda immun sistemini gücləndirməyin metodlarından danışan mütəxəssis: “Uşaqların sağlamlığı üçün onları stresdən qorumaq vacibdir. Valideynlər uşaqlarını mütəmadi olaraq həkim nəzarətində saxlamalı, onların qidalanma və yuxu rejiminə diqqət etməlidir. Açıq havada bol vaxt keçirmələrinə imkan yaradılmalıdır. Çünki indiki dövrdə uşaqlar evdə televizor və ya kompüter qarşısında vaxt keçirməyə daha meyillidir. Bu da onlarda D vitamini çatışmazlığına, immun sisteminin zəifləməsinə səbəb olur”, - deyə bildirib.