Həndbolçuların Azərbaycan çempionatında matçları maraqlı idman mübarizəsi şəraitində keçib
Bakı, 30 yanvar, AZƏRTAC
Milli komandanın 2026-cı il Avropa çempionatının ilkin təsnifat oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranan fasilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın 11-ci turunda “AHF Arena”nın meydançasına əvvəlcə U-16 və Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib. “Təhsil”-“Bakı” matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan “Təhsil” görüşü qələbə ilə başa çatdırıb - 26:24.
Böyük maraqla gözlənilən “İdman Akademiyası”-“Dinamo” qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” rəqibin ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını növbəti qələbə ilə sevindirib - 27:25.
Çempionatın 12-ci turunda RİOEUGİM “U-16” ilə oyunda revanş almağı bacarıb - 24:19. Çempionluq uğrunda yarışan “Dinamo” komandası “İdman Akademiyası” ilə oyunda bu istəyini reallaşdıra bilməyib. On ikinci turun oyunu “tələbələrin” 32:31 hesablı qələbəsi ilə nəticələnib. “Bakı”-“Təhsil” görüşündə isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub - 25:34.
Yarış cədvəlinə 21 xalla “İdman Akademiyası” başçılıq edir. Məhsul ondan dörd xal geri qalır. İlk üçlüyü 15 xalla “Təhsil” komandası tamamlayır. “Dinamo” 12 xalla dördüncüdür. RİOEUGİM və U-16-nın hərəyə üç xalı var. Bakı bir xalla son pillədə qərarlaşıb.