Hərbçilərin dünya çempionatının təntənəli açılış mərasimi olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Makedoniyanın hökumət nümayəndələri, bu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi, CİSM-in və iştirakçı ölkələrin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 8 çəki dərəcəsi üzrə iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan-Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxildir.