Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir
Bakı, 23 noyabr (AZƏRTAC). Paytaxtımızda qastrol səfərində olan Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi M.Suponinin “Koza Dereza” tamaşasını nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşadan əvvəl teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov qastrol səfərlərinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu il oktyabrın ilk ongünlüyündə rəhbərlik etdiyi kollektiv Həştərxan şəhərində həmkarlarının səhnəsində uğurla çıxış etmişdir.
Belə səfərlər Azərbaycan və Rusiyanın müvafiq teatrlarının rəhbərləri arasında bağlanmış qarşılıqlı qastrol səfərləri haqqında müqaviləyə əsasən həyata keçirilir.
Mübariz Həmidov Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyətə başlamasının 80 illik yubileyi münasibətilə təbrik etmişdir.
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Viktor Butenko, teatrın bədii rəhbəri, Rusiya Federasiyasının Xalq Artisti Yuri Koçetkov teatrın qazandığı uğurlardan danışmış, qastrol səfərlərinin kollektivlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamış və təşəkkürlərini bildirmişlər.
Sonra tamaşa nümayiş etdirmişdir.
Tamaşanın rejissoru Rusiya Federasiyasının Əməkdar Artisti Sergey Taraskindir.
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivinin qastrol səfərinin sonuncu günü - noyabrın 24-də də teatrsevərlərə “Koza Dereza” tamaşası göstəriləcəkdir.