HEYDƏR ƏLİYEV ABİDƏ-MUZEY KOMPLEKSİNİN AÇILIŞI
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Sabirabad şəhərində Heydər Əliyev Abidə-Muzey Kompleksinin açılışı mərasimində iştirak etmişdir.
Kompleksin ətrafına toplaşan on minlərlə sabirabadlı dövlətimizin başçısını hərarətlə qarşıladı. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, ulu öndərin müdrik kəlamları yazılmış, dövlətimizin başçısını salamlayan şüarlar var idi.
Prezidentə və xanımına gül dəstələri təqdim olundu.
Dövlətimizin başçısı komleksin açılışını bildirən qırmızı lenti kəsdi.
Altı hektar sahəni əhatə edən kompleksin mərkəzində ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmış, muzey yaradılmışdır. Abidənin hündürlüyü postamentlə birlikdə 6,5 metrdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Ümumi sahəsi 466 kvadratmetr olan muzeydə Heydər Əliyevin Sabirabad rayonu ilə bağlı fəaliyyətini əks etdirən 6 bölmə təşkil edilmiş, ulu öndərin əsərlərindən ibarət kitabxana yaradılmışdır.