HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Sabirabaddakı Heydər Əliyev muzeyi ilə tanış olmuşdur. Xalqımızın ümummilli liderinin müxtəlif illərdə 14 dəfə Sabirabada gəlməsini, zəhmət adamları ilə unudulmaz görüşlərini əks etdirən fotoşəkillər dövlətimizin başçısında böyük maraq doğurdu.
Rayon Mədəniyyət Şöbəsinin müdiri Böyükağa Həmidov Prezidentə müraciətlə dedi ki, biz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycanımızın bu gün dünyada tanınmasından fəxr duyuruq. Böyük qürur hissi keçiririk ki, Siz də müstəqil Azərbaycanın qurucusunun siyasətini davam etdirirsiniz.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin eksponatları, fotoşəkillər, kitablar xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektlərini əks etdirir. Sabirabada və sabirabadlılara xüsusi hörmət və məhəbbət bəsləyən, 14 dəfə Sabirabada gəlmiş ulu öndərin siyasəti bu gün də yaşayır və Azərbaycan xalqının xoşbəxt gələcəyinə xidmət edir.
Mən 2003-cü ilin oktyabr ayında burada olarkən bəyan etmişəm ki, bu siyasətə sadiq olacağam, onu davam etdirəcəyəm və xalqın dəstəyi ilə qarşıda duran bütün məsələlər həll olunur.
Sabirabadlılara möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
6 oktyabr 2005-ci il.”