HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞ MƏRASİMİ
Oktyabrın 6-da Kürdəmir şəhərindəki Heydər Əliyev parkında ümummilli liderimizin xatirəsinə yaradılmış muzeyin təntənəli açılışı olmuşdur.
Muzeyin işçiləri Prezident İlham Əliyevi səmimiyyətlə qarşıladılar. Muzeyin direktoru İradə Şahverdiyeva dövlətimizin başçısına məlumat verdi ki, Heydər Əliyev muzeyinin tikintisinə 2005-ci ilin yanvar ayında başlanmış və avqust ayında başa çatdırılmışdır. Rayon ictimaiyyətinin təşəbbüsü ilə tikilmiş ikimərtəbəli bina altı otaqdan ibarətdir. 366 kvadratmetr ümumi sahənin 500 kvardratmetri ekspozisiya üçün ayrılmışdır. Ekspozisiya zövqlə tərtib olunmuşdur. Burada ulu öndərin bütün ictimai-siyasi, dövlətçilik fəaliyyətini, habelə respublikamızın rayonlarına, o cümlədən Kürdəmirə səfərlərini əks etdirən fotoşəkillər, kitablar toplanmışdır. Ulu öndərin rəssam Elçin Cabbarovun kətan üzərində yağlı boya ilə işlənmiş iri portreti diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevlə bağlı videomaterialları nümayiş etdirmək üçün burada ən müasir texniki avadanlıq quraşdırılmışdır. Ümummilli liderin zəngin irsinin öyrənilməsi üçün konfrans salonunda elmi-praktik konfransların və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev muzeydə toplanan eksponatları yüksək qiymətləndirdi, bunların Heydər Əliyev irsinin gələcək nəsillərə öyrədilməsi üçün faydalı olacağını söylədi. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin fəaliyyətinə dair qısa videofilmə baxdı, muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin ekspozisiyası ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Muzey müasir üslubda tikilib. Gözəl memarlığı və dizaynı ilə fərqlənir. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi kursu bu gün də davam edir. Azərbaycanın uğurlu və hərtərəfli inkişafı üçün bu siyasət əbədi yaşamalıdır. Bütün kürdəmirlilərə öz hörmət və məhəbbətimi ifadə edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Kürdəmir, 6.10.2005-ci il”.
Prezident İlham Əliyevə ümummilli lider Heydər Əliyevin 1970-80-ci illərdə Kürdəmirə səfərini əks etdirən fotoalbom, habelə xalça təqdim olundu.