Hindistanla yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivli istiqamətlərdəndir - ŞƏRH
Bakı, 26 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Hindistan qədim tarixi-mədəni əlaqələrə malik ölkələrdir. Müasir dövrdə isə bu münasibətlərin siyasi təmaslarla yanaşı, iqtisadi-ticari əlaqələr, yüksək texnologiyalar, mədəniyyət və humanitar əməkdaşlıq istiqamətlərində inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Görüşdə hər iki ölkənin Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq gündəlikdə duran məsələlərə dair maraqlarının müzakirə edilməsi də əməkdaşlığın daha geniş kontekstdə nəzərdən keçirildiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Şahin Seyidzadə bildirib.
O bildirib ki, ikitərəfli münasibətlərin iqtisadi məzmununun genişləndirilməsi baxımından, nəqliyyat və logistika sahəsi xüsusi diqqətə layiqdir. Azərbaycan Avropa ilə Asiya arasında mühüm coğrafi mövqeyə malikdir və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına töhfə verir. Bu baxımdan, Orta Dəhliz ölkəmizin tranzit imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Hindistanla iqtisadi münasibətlərin inkişaf perspektivlərini qiymətləndirərkən nəqliyyat marşrutlarının yaratdığı imkanları da nəzərə almaq vacibdir. Hindistanın Azərbaycanla əlaqələri kontekstində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyır. Bu marşrut üzrə əməkdaşlığın inkişafı yükdaşımaların səmərəliliyinin artırılmasına və regional iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edə bilər. Bu istiqamətdə əsas məqsəd mövcud nəqliyyat imkanlarını konkret iqtisadi layihələrlə əlaqələndirmək, biznes dairələri arasında təmasları artırmaq və qarşılıqlı investisiyalar üçün əlverişli şərait yaratmaq olmalıdır.
Deputat qeyd edib ki, yüksək texnologiyalar sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdəndir. Hindistanın rəqəmsal və informasiya texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan şirkətləri və müvafiq qurumları ilə əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, enerji, ticarət, turizm və humanitar əlaqələrin genişləndirilməsi də ikitərəfli münasibətlərin daha çoxşaxəli xarakter almasına töhfə verəcək.
“Azərbaycanla Hindistan arasında qarşılıqlı siyasi təmasların davam etdirilməsi, iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi, eləcə də nəqliyyat və texnologiya sahələrində əməkdaşlıq imkanlarının araşdırılması gələcək münasibətlər üçün əhəmiyyətlidir. Əsas məsələ qarşılıqlı maraqları konkret təşəbbüslərlə uzlaşdırmaq və mövcud potensialın praktik nəticələrə çevrilməsinə nail olmaqdır”, - deyə Ş.Seyidzadə vurğulayıb.