“Hökumət buludu”na keçidlə bağlı dövlət qurumları ilə müzakirələr davam edir
Bakı, 4 may, AZƏRTAC
Azərbaycanda daha 5 dövlət qurumunun “Hökumət buludu”na (“G-cloud”) keçidi ilə bağlı müzakirələr aparılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-dən AZƏRTAC-a bildirilib ki, MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.
Bu dəfə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə “Təmiz Şəhər” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşlər təşkil olundu. Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid informasiya təhlükəsizliyi, hüquqi mexanizm, miqrasiya vaxtı və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.