SİYASƏT
Höteborqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüş keçirilib
Stokholm, 30 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC
İsveçin Höteborq şəhərində "Qobustan" Azərbaycan Ziyalıları Cəmiyyətinin təşəbbüsü ilə həmvətənlilərin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilib.
Görüş 25 dekabrda baş verən təyyarə qəzasında həlak olanların və Qarabağ uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Görüşdə həmrəylik mövzusunda müzakirələr aparılıb: Həmrəylik bizim üçün nə ifadə edir? Həmrəyliyi gücləndirmək üçün hansı addımları ata bilərik? Praktik fəaliyyətlər vasitəsilə buna necə nail ola bilərik?
Eyni zamanda, gənclərin assimilyasiya problemləri, ana dilini və mədəniyyətini qorumaq, İsveçdə uğurlu vətəndaş olmaq kimi mövzularda çıxışlar edilib. 40 ildən artıq bu istiqamətdə fəaliyyət göstərən Əfsanə Sulduzlu dərnəyin xüsusi təşəkkür və təqdir diplomu ilə mükafatlandırılıb.