Hüquqi dövlət quruculuğunun memarı – Ulu Öndər Heydər Əliyev
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan xalqı çoxminillik dövlətçilik tarixinə malikdir. XX əsrdə müstəqillik əldə edən Azərbaycanın tarixi inkişaf yolu şərəfli və keşməkeşli olub.
Dövlətçilik tariximizdə ilk respublikanın qurulması XX əsrin əvvəlinə, onun bərpası isə 70 ildən sonraya - əsrin sonlarına - ən təlatümlü dövr hesab edilən 1990-cı illərdəki geosiyasi dəyişikliklər dövrünə təsadüf edib. Ötən yüzilliyin sonlarında keçmiş SSRİ-nin tarixi məntiqə söykənən qaçılmaz çöküşü prosesi İttifaq ölkələrinin öz müstəqilliyini bərpa etməsi üçün tarixi zəmin yaratmışdı. Nəticə etibarilə 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, SSRİ-dən miras qalmış hüquq sistemi demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə heç bir təminat vermirdi. Dünyanın inkişaf etmiş ölkələrinin mütərəqqi hüquq sistemləri ilə əlaqədən demək olar ki, təcrid olunmuş və öz “dəyər”ləri olan keçmiş SSRİ-nin sosialist hüququna əsaslanan qanunvericilik sistemi postsovet dövrünün reallıqları ilə ayaqlaşmaq gücündə deyildi.
Bu fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Ulu Öndərin əvəzsiz xidmətləri” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Müstəqilliyin bərpa olunduğu ilk illərdə bu sistem quruculuğu yönündə bəzi addımlar atılsa da, təəssüf ki, siyasi idarəetmədəki təcrübəsizlik müstəqil dövlət quruculuğunun bərpası prosesini ləngitdiyi kimi, milli hüquq sisteminin təşəkkül tapmasına da mənfi təsirini göstərirdi. O dövrdə ölkədəki pərakəndəlik, separatizm meyilləri, siyasi təcrübənin zəifliyi, ayrı-ayrı silahlı dəstələrin hökmranlıq etmək istəyi dövlətçiliyin itirilməsinə doğru gedən bu vəziyyəti şərtləndirən başlıca amil idi. Müstəqilliyini təzəcə bərpa etmiş ölkənin bu hadisələrin fonunda gələcək inkişafı, böhran vəziyyətində olan dövlətçiliyin xilas edilməsi konstitusiya, hüquq sahələrində islahatların təxirə salınmadan həyata keçirilməsini, yeni mütərəqqi və demokratik dəyərlərə söykənən dövlət quruculuğunu, milli hüquq və məhkəmə sisteminin, normativ hüquqi akt bazasının yaradılmasını zərurətə çevirmişdi. Amma təəssüf ki, yuxarıda qeyd edilən səbatsızlıqdan və bu kimi digər səbəblərə görə yuxarıda qeyd olunan işləri görə biləcək nə güclü dövlət aparatı, nə də siyasi rəhbər və iradə mövcud deyildi.
Məhz belə mürəkkəb bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan və xilaskarlıq missiyasını çiyinlərinə götürən Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və dövlət quruculuğu prosesi üçün zəruri olan bir sıra vacib addımların atılmasını təmin etdi. İlk növbədə, hər bir müstəqil dövlətin inkişafı üçün başlıca amil olan sabitliyin təmin edilməsi bu istiqamətdə atılmış ən zəruri addım oldu. Bunun ardınca vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə əsaslanan milli dövlətin qurulması prosesinə start verildi - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi yeni qurulan dövlətin ali məqsədi kimi əsas hədəf seçildi, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənmiş, sosial ədalət prinsipinə əsaslanan hüquqi dövlət quruculuğu prosesi öz başlanğıc mərhələsinə qədəm qoydu və məntiqi ardıcıllığa uyğun olaraq hər şeydən əvvəl bu prosesin konseptual əsasları işlənib hazırlandı. Bu mərhələdə Milli Məclis “Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi haqqında” müvafiq qərar qəbul etdi və o vaxt prezident vəzifəsində olan Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiya ümumxalq səsverməsinə çıxarılacaq konstitusiyanın layihəsini hazırlanması işinə başladı. Onun rəhbərliyi altında yeni konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasındakı çıxışında Ümummilli Lider layihə ilə bağlı zəruri tezisləri komissiya üzvlərinin diqqətinə çatdıraraq, əslində, həm də hüquqi dövlət quruculuğu prosesinin ilkin təməllərini formalaşdırdı. Biz elə bir Konstitusiya layihəsi hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır... Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik. Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyaları aydın şəkildə təsbit olunub: hakimiyyət bölgüsü; insan hüquq və azadlıqlarının prioritet hesab edilməsi; hakimiyyətin mənbəyinin xalq olması; siyasi plüralizm; konstitusion nəzarət və sair.
Sadalanan bütün bu konseptual məqamlar, əslində, qeyd edildiyi kimi, mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı. Konstitusiya qəbul edildikdən sonra bu istiqamətdə ilk mühüm addım atılsa da, qarşıda görülməli işlər hələ çox idi. Növbəti mərhələdə müvafiq dövlət proqramlarının, əsasən də insan hüquqları sahəsində qanunvericilik aktlarının qəbulu prosesi xüsusi yer tuturdu. Bu sahədə maddi hüquq normalarının bir hissəsi Konstitusiyada öz əksini tapsa da (xüsusi qeyd edilməlidir ki, Konstitusiyanın 158 maddəsindən 48-i, təqribən üçdə biri məhz insan hüquq və azadlıqlarının təminatını nəzərdə tutan müddəalardır) sahəvi aktların çoxu hələ mövcud deyildi. Məhz bu amildən çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən 1996-cı il 21 fevral tarixli Sərəncamla təşkil edilmiş Hüquq İslahatları Komissiyası bu sahə üzrə ixtisaslaşmış ekspertlərin iştirakı ilə müasir Avropa standartlarına cavab verən qanunvericilik aktlarının layihəsini hazırlayaraq milli qanunvericiliyin qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan səviyyəyə çatmasına nail olmuşdur. İnsan hüquqları və azadlıqları sahəsində ö dövrdə qəbul edilmiş aktlar sırasında Ümummilli Lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm yer tutur.
Konstitusiyada ümumdövlət əhəmiyyətli məsələ səviyyəsinə qaldırılmış və milli hüquq sisteminin prioritet istiqamətinə çevrilmiş insan hüquqları məsələsi bu fərman və sərəncamlarla daha da genişləndirildi. O da qeyd edilməlidir ki, bir dövlət təsisatı kimi dövlətçilik tariximizdə ilk dəfə yaradılmış İnsan hüquqları üzrə müvəkkil (ombudsman) təsisatının formalaşdırılması ilk olaraq məhz adıçəkilən aktlarda nəzərdə tutulmuşdu. Qeyd edək ki, ilk dövlət proqramının qəbul olunduğu gün - 18 iyun tarixi Prezident İlham Əliyevin 2007-ci il tarixli müvafiq Sərəncamına əsasən, Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.
Azərbaycanın Avropaya inteqrasiya xəttinin xarici siyasi kurs kimi müəyyənləşdirməsi də məhz Ümummilli Liderin siyasi idarəetməsinin vacib istiqaməti idi. Bu baxımdan mühüm beynəlxalq təşkilatlardan olan Avropa Şurasına üzv qəbul edildikdən sonra qanunvericilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesində Milli Məclis tərəfindən qanunların qəbulu zamanı mühüm beynəlxalq çoxtərəfli müqavilələrdə, saziş və konvensiyalarda müəyyən edilmiş fundamental insan hüquq və azadlıqlarının əsas meyar kimi götürülməsi də hüquqi dövlət quruculuğu prosesində xüsusi yer tuturdu. “Məlumat azadlığı haqqında”, “Uşaq hüquqları haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” və Azərbaycanın bu qəbildən olan digər qanunları və Konstitusiya qanunları bu fikrə nümunə kimi göstərilə bilər. Milli Məclis tərəfindən Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasının, "Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında" Konvensiyanın, "Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin, “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın, “Köləlik haqqında” Konvensiyanın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın, “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nın, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun protokollarının ratifikasiya edilməsi ilə beynəlxalq hüquqi aktların milli qanunvericiliyə implementasiyası prosesi də bu baxımdan xüsusi önəm daşıyırdı. Bu baxımdan milli hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təsisatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq mərkəzlərdə tədqiqat və təhsil proqramları əsasında mütəxəssislərin hazırlanması, dövlət aparatında qulluq keçən dövlət qulluqçularının və ixtisaslaşmış kadrların müvafiq təcrübə mübadiləsi proqramlarına cəlb edilməsi amili də nəzərdən qaçırılmamalıdır. Çünki istənilən hüquqi dövlətdə dövlət aparatının funksiyalarının məhz kadr korpusu tərəfindən yerinə yetirildiyi amili də xüsusi önəm kəsb edir. Ümummilli Liderin nəzərində həm Azərbaycan SSR dövründə, həm də müstəqilliyin bərpasından sonrakı ilk onillikdə xüsusi istedadı olan gənclərin qabaqcıl xarici ölkə ali məktəblərində, təşkilatlarda təhsil və təcrübə proqramlarına cəlb edilməsi çox vacib məsələ idi. Təsadüfi deyil ki, həmin dövrdə təhsil almış gənc nəslin bir çox nümayəndəsi bu gün hüquqi dövlət quruculuğunun həyata keçirilməsi prosesinin iştirakçıları kimi müxtəlif dövlət orqanlarında çalışır.
Müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin növbəti vacib mərhələsi ədalətli və müstəqil məhkəmə sisteminin yaradılmasından ibarətdir. Məlumdur ki, hüquq filosofları tərəfindən irəli sürülmüş hakimiyyətlərin bölünməsi prinsipinin vacib tərkib hissəsi olan müstəqil məhkəmələr, ədalətli cəmiyyət quruculuğu prosesinin əsas komponentlərindən biri kimi qəbul edilib. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun Azərbaycan üçün ən düzgün siyasi xətt olduğunu hesab edən Ümummilli Lider ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına müstəsna əhəmiyyət verirdi. Təsadüfi deyil ki, dünyanın bir çox aparıcı beynəlxalq təşkilatları, həmin təşkilatlar çərçivəsində qəbul edilmiş çoxtərəfli beynəlxalq müqavilələr, sivil və demokratik dövlətlərin konstitusiyaları, elmi ədəbiyyatlar müstəqil məhkəmə sisteminin mövcudluğunu ədalətin əsas təminatçısı, hüquqi dövlətdə ən vacib institut kimi xarakterizə etmişdir. Bu baxımdan Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi xüsusi önəm daşıyır ki, bu Qanunla milli hüquq sistemində məhkəmələrin yerinin Konstitusiyanın müddəalarına uyğun olaraq müəyyən edilməsi və formalaşdırılması prosesinə start verildi. Bu Qanunun ardınca Azərbaycan Prezidentinin həmin Qanundan irəli gələn məsələlərin tətbiqi və məhkəmə islahatlarının həyata keçirilməsi məsələləri ilə bağlı proqram xarakterli Fərmanı ilə respublikada məhkəmə quruluşunun və məhkəmə qərarlarının icrası prosesinin müasir modelinin formalaşdırılmasına başlanıldı.
Vətəndaşların konstitusiyada və digər aktlarda müəyyən edilmiş hüquq və azadlıqlarının təmini baxımından xüsusi önəm daşıyan ədalət mühakiməsinin əlçatanlığı və müstəqilliyi, hüquqi dövlət quruculuğu prosesinin ən vacib mərhələlərindən biri kimi qiymətləndirilməlidir ki, görülmüş bütün bu işlərin və həyata keçirilmiş əsaslı məhkəmə-hüquq islahatlarının nəticəsində keçmiş sovet ittifaqından qalma məhkəmə sistemi demək olar ki, tamamilə aradan qaldırıldı, yeni və qabaqcıl inkişaf etmiş ölkələrin təcrübəsinə söykənən üçpilləli müstəqil məhkəmə hakimiyyəti sistemi yaradıldı, hakim korpusunun demokratik əsaslarla formalaşdırılması prosesi sürətləndirildi. O da xüsusi qeyd edilməlidir ki, müstəqil məhkəmə sisteminin formalaşdırılması işində Məhkəmə-Hüquq Şurasının təsis edilməsi amili də mühüm rol oynadı. Fəaliyyətini şəffaflıq prinsipi əsasında quran Şuranın fəaliyyəti əsasında hakim heyətinin müsabiqə əsasında formalaşdırılması bu baxımdan da xüsusi önəm kəsb edirdi. Sadalanan bu işlərin fonunda proses sonrakı mərhələdə “Polis haqqında”, “Prokurorluq haqqında” və digər sahəvi qanunvericilik aktlarının qəbul edilməsi ilə davam etdirildi. Göründüyü kimi, Ümummilli Liderin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində demək olar dövlət hakimiyyətinin bütün qollarında əsaslı islahatlar aparıldı, idarəetmə sisteminin bütün istiqamətlərinin inkişafı üzrə tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul olundu, Azərbaycan xalqının dövlətçilik tarixində köklü və mütərəqqi işlər görüldü. Məhz Ümummilli Liderin təməlini qoyduğu və yuxarıda sadalanan həmin islahatların məntiqi nəticəsidir ki, müasir Azərbaycanın inkişafı davamlı prosesə çevrilib. Əminliklə deyə bilərik ki, bu siyasi və hüquqi islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Tarixi faktların ədalətli təhlili göstərir ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışın ilk illərində ölkədə xaos, özbaşınalıq, separatizm, silahlı qruplaşmalar, başıpozuq dəstələr mövcud idisə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasi arenalarında söz sahibi olan, tam müstəqil siyasət yürüdən, iqtisadi cəhətdən qüdrətli, təhlükəsiz və stabil bir dövlətdir.
Şübhəsiz, yaşadığımız dünyada elmi texniki tərəqqi, sənaye inqilabları, texnoloji yeniliklər xüsusilə XXI əsrdə elə sürətlə inkişaf edir ki, bu yeni çağırışlar dövlət quruculuğu və idarəetməsinə yeni konseptual baxışların ortaya qoyulması zərurətini ortaya qoyur. Modernləşməkdə olan dövlətin fəaliyyətində səmərəliliyin daha da artırılmasına yönəlik yeni idarəetmə konsepsiyasının yaradılması, bu sadalanan paradiqmadan çıxış etməyi tələb edir. Qeyd olunan amillər müasir dövlət idarəetməsi işində yeni bir eranın başlanğıcı kimi də qəbul edilə bilər. Rəqəmsal texnologiyanın sürətli inkişafı, internetin və kompüterləşmənin artması, nəticə etibarilə dövlət-vətəndaş münasibətlərinə yeni müasir baxışların və sistemlərin ortaya qoyulmasını, milli qanunvericiliyin tərkib hissəsi olan normativ hüquqi aktların yenilənməsini də qaçılmaz edir. Bu baxımdan Milli Məclis tərəfindən bu münasibətləri yeni məcraya salan qanunların qəbul edilməsi, Azərbaycan Prezidenti tərəfindən bu qəbildən olan yeni fərman və sərəncamların imzalanması, müvafiq strategiyaların və Dövlət proqramlarının qəbul edilməsi, elektron hökumət, elektron məhkəmə platformalarının yaradılması xüsusi vurğulanmalıdır. Bütün bunlar ölkəmizdə müasir idarəetmənin həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Bu gün əminliklə deyə bilərik ki, dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində müasir prinsip olan şəffaflığın rəhbər tutulması həm də elektron idarəetmənin tətbiqi əsasında təmin edilib. Bu tətbiqetmələr nəticəsində dövlət orqanlarının fəaliyyət infrastrukturu təkmilləşdirilib, elektron xidmətlər bu fəaliyyətə inkorporasiya edilmiş, vətəndaşların dövlət idarəetməsinə və bu idarəetmədə iştiraka çıxış imkanları artırılıb.
Ötən 30 ilin faktlarının təhlili göstərir ki, ölkəmizdə Ümummilli Lider tərəfindən aparılmış hüquqi islahatlar, düzgün dövlət quruculuğu prosesi və 2003-cü ildən başlayaraq bu islahatlar kursunun davamının təmin edilməsi olmasaydı, bu gün biz nə dünyadakı söz sahibliyimizdən, nə hərbi və iqtisadi gücdən, nə də ərazilərimizin işğaldan azad edilməsindən danışa bilərdik. Azərbaycan xalqından yüksək səs çoxluğu ilə mandat alaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin hüquqi dövlət quruculuğu prosesini davam etdirməklə yanaşı, ölkənin iqtisadi qüdrətini yüksəltmək, paralel olaraq da Ermənistanın dünya birliyi tərəfindən işğalçı ölkə kimi tanınmasına nail olmaq hədəfini seçdi. Əlbəttə, bu işlər bir neçə ayın ya da ilin içində ərsəyə gəlmədi. 2003-cü ildən başlayan bu çətin yol 17 illik zəhmətdən sonra 2020-ci ildə öz zirvəsinə yüksəlmişdi - artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini istəsə də, istəməsə də qəbul etməyə başlamışdı, Ermənistanı isə işğalçı dövlət kimi qəbul edən ölkələrin sayı artmışdı. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmiş, ordu güclənmiş, müasir silah və sursatlarla təmin edilmiş, ümummilli lider tərəfindən əsası qoyulmuş hərbi ixtisaslı orta və ali məktəbləri bitirən zabit heyəti ordu sıralarında öz mövqelərini tutmuşdu. Bu işlərə paralel olaraq, beynəlxalq siyasi arenalarda qazandığımız uğurlar Azərbaycan Respublikası üçün siyasi üstünlüklər gətirmişdi. Onu da nəzərə almaq lazımdır ki, bu misilsiz işlər ərazisinin 20 faizi işğal altında olan, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz dədə-baba torpaqlarından zorla qovulduğu ölkədə görülüb. Şübhəsiz ki, yuxarıda sadalanan işlərin mürəkkəb coğrafiyada yerləşən bir ölkədə belə ağır şərtlər altında aparılması ikiqat iradə və əzm tələb edirdi.
Xalq-iqtidar birliyindən güc alan Prezident İlham Əliyev tərəfindən görülmüş misilsiz işlər cəmi 17 ilə sığışdırıldı və o tarixi gün gəlib çatdı. “İlhamla irəli!” şüarı ilə başlayan seçki kampaniyası “Ali Baş Komandanla irəli!” komandasına çevrildi. Modernləşdirilmiş güclü Azərbaycan Ordusu Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatına başladı. 44 rəqəmini tarix səhifələrinə 44 günlük Vətən müharibəsi kimi həkk edən Müzəffər Ali Baş Komandan, onun əsgər və zabitləri 1993-cü ildən başlanmış yolun çoxdan gözlənilən mənzilbaşına çatdı, torpaqlar 30 ilə yaxın həsrətdən sonra azad edildi.
Birinci Qarabağ müharibəsində erməni vandalizmi nəticəsində yerlə-yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına daxil olan ərazilərimiz bu gün “ağıllı kənd” (şəhər) konsepsiyası əsasında yenidən qurulur. Bu gün yenidənqurma işlərinin yüksək sürətlə və əzmlə həyata keçirilməsi, bütövləşən Azərbaycana yeni nəfəs, keçmiş məcburi köçkünlərə yeni yaşam həvəsi bəxş edir. Tezliklə öz doğma yurdlarına qayıdacaq soydaşlarımız və xalqımızın digər nümayəndələri 1993-cü ildə əsası qoyulmuş hüquqi dövlət quruculuğu prosesinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və daha böyük əzmlə davam etdirilməsinin məntiqi bəhrəsini görməkdədirlər. Bu gün tam əminliklə demək olar ki, qədim dövlətçilik tarixinə sahib azərbaycanlılar, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış dövlətimizin - müstəqil Azərbaycanın hələ çox-çox illər sonra da bəhrəsini görəcək, Ulu Öndərin əvəzsiz xidmətlərinin nəticəsi olan dinc ölkədə sülh və əmin-amanlıq içində əbədi yaşayacaqlar.