MƏDƏNİYYƏT
İçərişəhərdə “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi davam edir
Bakı, 10 avqust, AZƏRTAC
“İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün xüsusi olaraq düşünülmüş 70-ə yaxın qurğu nümayiş olunur. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiya dövründə çox geniş yayılmış bir təcrübə olub.
İçərişəhər kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərq və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir.
Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Çünki buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.
Sərgi avqust ayının sonunadək davam edəcək.