Rumıniya kritik mineralların hasilatını bərpa edir
Buxarest, 11 fevral, AZƏRTAC
Rumıniya enerji, yüksək texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində mövqelərini gücləndirmək məqsədilə mədən sənayesini yenidən aktivləşdirir.
AZƏRTAC Rumıniya mətbuatına istinadla xəbər verir ki, ölkə ərazisində mövcud olan kritik və strateji mineralların istismarı dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edilib.
Bildirilib ki, Rumıniya Avropa İttifaqının sənaye və yaşıl keçid strategiyaları çərçivəsində xüsusilə qrafit, mis və maqnezium ehtiyatlarının bərpasına diqqət yetirir. Bu resurslar elektromobil sənayesi, enerji saxlama sistemləri, bərpa olunan enerji infrastrukturu, elektronika və müdafiə sənayesi üçün əsas xammal hesab olunur. Qeyd edilir ki, sözügedən yataqların əksəriyyəti XX əsrin ikinci yarısında fəal şəkildə istismar edilsə də, 1990-cı illərdən sonra iqtisadi və institusional səbəblər üzündən fəaliyyətini dayandırıb.
Məlumata görə, Rumıniyanın cənub və qərb bölgələrində yerləşən bir sıra yataqlar Avropa miqyasında yüksəkkeyfiyyətli xammal bazası kimi qiymətləndirilir. Xüsusilə qrafit ehtiyatları batareya texnologiyaları və qrafen istehsalı baxımından strateji əhəmiyyət daşıyır. Mis yataqları elektrik şəbəkələrinin modernləşdirilməsi və sənaye istehsalı üçün vacib resurs sayılır, maqnezium isə yüngül metallurgiya və avtomobil sənayesində geniş istifadə olunur.
Rumıniya hökuməti bu istiqamətdə yalnız xammal çıxarılmasını deyil, eyni zamanda, dərin emal və əlavə dəyər yaradan sənaye zəncirlərinin ölkə daxilində formalaşdırılmasını hədəfləyir. Bu yanaşmanın yeni iş yerlərinin açılmasına, regional inkişafın sürətlənməsinə və Rumıniyanın Avropa sənaye xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edəcəyi bildirilir.
Avropa İttifaqında kritik xammallar üzrə idxaldan asılılığın azaldılması fonunda Rumıniyanın bu addımı geoiqtisadi baxımdan da əhəmiyyətli sayılır. Ekspertlərin fikrincə, nadir və strateji minerallar artıq təkcə iqtisadi resurs deyil, eyni zamanda, qlobal miqyasda siyasi və texnoloji təsir alətinə çevrilib.
Beləliklə, Rumıniyada mədən sənayesinin yenidən canlandırılması təşəbbüsü ölkənin sənaye potensialının bərpası ilə yanaşı, Avropanın kritik resurslar üzrə təhlükəsizliyinə töhfə verən mühüm strateji addım kimi dəyərləndirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest