MƏDƏNİYYƏT
İçərişəhərdə “Sevgi əngəl tanımaz” adlı sosial tədbir təşkil ediləcək
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 30-da Şirvanşahlar Sarayı Kompleksində Müasir Psixologiya Mərkəzi, “Voice Agency” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Sevgi əngəl tanımaz” adlı sosial tədbir keçiriləcək.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri keçirməkdə məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqları ruhlandırmaq, onların cəmiyyətə uyğunlaşması istiqamətində dəstək olmaqdır.
Tədbirdə uşaqların maraqlı çıxışları nəzərdə tutulub. Belə ki, ilk əvvəl 5 ildən çox Müasir Psixologiya Mərkəzində reabilitasiya keçmiş autizmli uşaqların ifasında dövlət himnimiz səslənəcək. “Retro ritm” qrupunun milli üslubda çıxışı, xüsusi qayğıya ehtiyacı olan uşaqların səhnəcik və rəqsləri baş tutacaq. Həmçinin uşaqlar modelyer Gülnarə Xəlilovanın hazırladığı milli geyimləri “Möcüzəli dəfilə” adı altında podiumda nümayiş etdirəcəklər.