İcraçı direktor: Hazırda 30-dək dövlət proqramının monitorinqi və qiymətləndirilməsi aparılır
Bakı, 15 iyul, AZƏRTAC
Hazırda Azərbaycanda 30-dək dövlət proqramının monitorinqi və qiymətləndirilməsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, hazırda ölkədə rəqəmsal arxitektura proqram idarəetməsi və nəticəəsaslı yanaşma prinsipləri əsasında formalaşdırılır. Azərbaycan Prezidenti tərəfindən proqram idarəetməsi strateji idarəetmənin əsas istiqamətlərindən biri kimi müəyyən edilib və bu, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İcraçı direktor qeyd edib ki, dövlət proqramları artıq vahid standartlar əsasında hazırlanır. Hər bir proqram üzrə icra üçün tələb olunan resurslar, tədbirlər, eləcə də ilkin, aralıq və yekun nəticələr əvvəlcədən dəqiq müəyyənləşdirilir.
V.Qasımlının sözlərinə görə, proqram idarəetməsinin nəticəəsaslı büdcə və ortamüddətli xərclər çərçivəsi ilə uzlaşdırılması dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Vurğulayıb ki, son dövrlərdə Maliyyə Nazirliyinin dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirdiyi islahatlar bu prosesi tamamlayaraq daha bütöv və səmərəli idarəetmə modelinin formalaşmasına töhfə verir.