İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb
Bakı, 2 fevral, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunda magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası uğurla başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq imtahanlar “Zoom” platforması üzərindən onlayn təşkil edilib.
Sessiya ərzində kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə I kursda təhsil alan 4 magistrant ümumilikdə 8 imtahanda, riyaziyyat, kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə II kursda təhsil alan 10 magistrant isə ümumilikdə 16 imtahanda iştirak edib.
Qış imtahan sessiyasının son imtahanları I kurs magistrantlar üçün keçirilib. Kompüter elmləri ixtisası üzrə təhsil alan magistrantlar intellektual sistemlərin müasir problemləri fənnindən, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan magistrant kibernetika elminin tarixi və metodologiyası fənnindən imtahanlarda iştirak edib. Bütün magistrantlar yüksək qiymətləndirilib.