İdman Akademiyasının prorektoru: Yaponiya və Çin təcrübələrindən faydalanmaq istəyirik
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə danışıqlara başlamışıq. Bildiyiniz kimi, ODTÜ daha çox texnologiya və riyaziyyat sahələri ilə tanınır, lakin bu universitetdə fiziki tərbiyə müəllimliyi ixtisası üzrə də güclü proqram mövcuddur və həmin sahədə təhsil alan tələbələrimizin ODTÜ-dən faydalanmasını arzulayırıq. Bununla yanaşı, İstanbul Cərrahpaşa Universitetinin İdman və Tibb fakültələri ilə də danışıqlar aparılır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.
O bildirib ki, hazırda həmin fakültələrlə fizioterapiya ixtisası üzrə mübadilə proqramlarının həyata keçirilməsi müzakirə olunur: “Düşünürəm ki, gələcəkdə bu əməkdaşlıqların ikili diplom proqramlarına çevrilməsi ehtimalı yüksəkdir. Cari ildə bir neçə Asiya ölkəsi ilə də əməkdaşlıqlar qurulmaqdadır. Yanvar ayında Malayziyanın İnti Beynəlxalq Universiteti ilə memorandumun imzalanması nəzərdə tutulur. Yaponiya və Çinin fərqli idman növləri üzrə təcrübələri var ki, bu təcrübələrdən faydalanmaq istəyirik və həmin ölkələrin universitetləri ilə əməkdaşlıq etmək üzərində işləyirik. Ümumilikdə 2026-cı il üçün planlarımıza baxdıqda əsas diqqətin Asiya ölkələri ilə əməkdaşlıqlara yönəldildiyini deyə bilərəm”.