İƏT Parlament İttifaqının Baş katibi: İslam dünyası həssas bir mərhələdən keçir
Bakı, 22 iyun, AZƏRTAC
İslam dünyası hazırda siyasi, iqtisadi və humanitar böhranların bir-birinə qarışdığı, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafla bağlı çağırışların artdığı həssas bir mərhələdən keçir. Bu vəziyyət hər birimizin üzərinə müştərək parlament fəaliyyətini gücləndirmək, uğurlu təcrübə və bilikləri bölüşmək, xalqlarımızın istək və ümidlərinə uyğun olaraq institusional iş alətlərini təkmilləşdirmək üçün ikiqat məsuliyyət qoyur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində keçirilən Baş Katiblər Assosiasiyasının 7-ci iclasında İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass deyib.
O bildirib ki, bu çərçivədə, İslam və beynəlxalq parlamentlər arasında koordinasiyanın gücləndirilməsində, təlim proqramlarının hazırlanmasında və potensialın artırılmasında, parlament sistemlərinin və prosedurlarının müasirləşdirilməsində baş katiblərin rolu mühüm olaraq qalmaqdadır. Həmçinin parlament fəaliyyətini yüksəltmək üçün rəqəmsal transformasiyadan və müasir texnologiyalardan yararlanmaq, İttifaqın qərar və tövsiyələrinin icrasına dəstək vermək və müvafiq iclasların nəticələrini yüksək səmərəliliklə izləmək baxımından bu rol əvəzsizdir.
Muhammed Xurayçi Niyass göstərdiyi qonaqpərvərliyə və yüksəksəviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib. İclasın müştərək İslam parlament fəaliyyətinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Fotoqraf - İlqar Cəfərov