II Azərbaycan-Türkiyə regional iqtisadi forumu qardaş ölkənin mediasında geniş işıqlandırılıb
Naxçıvan, 4 dekabr, AZƏRTAC
Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə regional iqtisadi forumu qardaş ölkənin media qurumları tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkiyənin aparıcı xəbər agentlikləri və regional informasiya portalları forumla bağlı ətraflı materiallar dərc ediblər. Xüsusilə, ölkənin tanınmış media qurumlarından olan “İhlas Haber Ajansı” (İHA) tədbir barədə geniş xəbər yayıb. Agentliyin məlumatında qeyd olunur ki, Qars, Ərdahan, İğdır və Ərzurumdan rəsmi şəxslər və iş adamlarının iştirakı ilə təşkil olunan proqram çərçivəsində Qars Ticarət və Sənaye Palatasının (KATSO) rəhbərliyi ilə təxminən 100 iş adamı Naxçıvana səfər edib.
Bildirilib ki, KATSO və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən birgə təşkil olunan forum Türkiyə və Azərbaycanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya proseslərinin sürətləndirilməsi və regional inkişafın birgə layihələrlə dəstəklənməsi kimi mühüm istiqamətlər müzakirə olunub.
Çıxışlarda Naxçıvanın Türkiyə ilə Qafqaz arasında strateji körpü rolunu oynadığı vurğulanıb. Bildirilib ki, sərhəd bölgələri arasında əməkdaşlığın dərinləşməsi həm regional, həm də ikitərəfli iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.
İHA-nın hazırladığı xəbərdə vurğulanır ki, Naxçıvanda keçirilən forum Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığının regional müstəvidə daha da gücləndiyini nümayiş etdirir.
Forum təkcə İHA tərəfindən deyil, həmçinin Türkiyənin çoxsaylı regional və milli media resursları – erzurumekspres.com, erzurumgazetesi.com, karsmanset.com, habersarikamis.com, qha.com.tr, karakosehaber.com, arasgazetesi.com.tr, ardahanhaberi.com, mersinhaber.com, vanpostasigazetesi.com, serhattv.com.tr, medyagazete.com, haberturk.com, baretdergisi.com tərəfindən də geniş işıqlandırılıb.
Bu platformalarda dərc edilən xəbərlərdə forumun məqsədləri, çıxış edən rəsmilərin mesajları, müzakirə olunan mövzular və Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri xüsusi olaraq diqqətə çatdırılıb. Mediada, həmçinin Naxçıvanın tranzit, logistika və istehsal potensialının artırılması istiqamətində atılan addımların forumda xüsusi vurğulandığı qeyd edilib.
Türkiyə mətbuatı iki ölkə arasında həyata keçirilən birgə layihələr, investisiya imkanları, sənaye zonaları və yeni ticarət marşrutlarının müzakirəsini regional iqtisadi əlaqələrin güclənməsi baxımından yüksək dəyərləndirib.