ELM VƏ TƏHSİL
İki ölkənin bitki nümunələri birgə öyrənilir
![](/files/galleryphoto/2015/3/1200x630/14471627182189552793_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/1447162718779045152_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14471627182191446774_1200x630.jpg)
Bakı, 10 noyabr, AZƏRTAC
Belarus Milli Elmlər Akademiyasının (BMEA) baş elmi katibi, akademik Aleksandr Kilçevski Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov GEİ-nin tarixi, strukturu, burada aparılan elmi tədqiqatların məzmunu, institut əməkdaşlarının müvafiq elmin müasir istiqamətlərində əldə edilən nailiyyətləri, Belarus institutları ilə birgə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
A.Kilçevski Belarus Respublikasının elmi tədqiqat müəssisələrində, xüsusən də 2004-2014-cü illərdə direktoru olduğu BMEA Genetika və Sitologiya İnstitutunda maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir laboratoriyaların qurulması və aparılan modern tədqiqatlar barədə söz açıb.
Qonaq GEİ-nin alimləri ilə birgə yaradılan və artıq Belarus Respublikasında rayonlaşdırılan ilk Belarus-Azərbaycan pomidor sortunun sertifikatını Z.Əkpərova təqdim edib. Diqqətə çatdırılıb ki, iki ölkənin bitki nümunələrinin birgə öyrənilməsi və istifadəsi üzrə çox əhəmiyyətli yeni layihələr vardır və bu layihələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna və Belarus Respublikasının Elm Fonduna təqdim edilib.
Görüşdə, həmçinin GEİ ilə Belarus institutları arasında biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilər, marker əsaslı seleksiya və genom texnologiyaları üzrə digər birgə layihələrin həyata keçirilməsi, elmi mübadilə, eləcə də kadr hazırlığı üzrə əməkdaşlığın daha da intensivləşdirilməsi qərara alınıb.
Sonra institutun akt zalında akademik A.Kilçevskinin “Belarus Respublikasında genom biotexnologiyasının inkişafı” mövzusunda elmi məruzəsi dinlənilib, suallar cavablandırılıb.