İki şpaqaçımız beynəlxalq turnirdə mübarizəni dörddəbir finalda dayandırıb
Bakı, 28 fevral, AZƏRTAC
Rusiyanın Pyatiqorsk şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə 2005-2007-ci il təvəllüdlü 101 qız və 73 oğlan şpaqaçı mübarizə aparır.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin birinci günündə təmsilçilərimiz qrup mərhələsini adlamağı bacarıblar. Nazilə Rəhimova və Alfiyə Abdinova qrupda keçirdiyi altı görüşdən beşində qalib gəliblər. Raul Aruslanov qrupda altı qarşılaşmanın hamısını qələbə ilə başa vurub. Orxan Həsənli isə beş görüşdən dördündə qələbə qazanıb.
Şpaqaçılarımız otuzikidəbir final mərhələsini də maneəsiz adlayıblar. Nazilə Rəhimova Ukrayna idmançısı Sofiya Safyanovanı 12:5 hesabı ilə məğlub edib. Alfiyə Abdinova isə Rusiyanı təmsil edən Marqarita Nasaneva üzərində 12:6 hesablı qələbə qazanıb. Raul Aruslanov Artyom Kimi (12:1), Orxan Həsənli isə Aleksandr Kimi (12:7) məğlub edib.
Onaltıdabir finalda Alfiyə Abdinova Lilan Çerçesovaya 7:12 hesabı ilə uduzub. Bu mərhələdə Əminə Çerçesova ilə qarşılaşan Nazilə Rəhimova rəqibini 12:11 hesabı ilə məğlub edib. Tiqran Torosyanı 12:7 hesabı ilə üstələyən Orxan Həsənli və Sarmat Zukayevlə görüşdə 12:5 hesabı ilə qalib gələn Raul Aruslanov səkkizdəbir finala yüksəliblər. R.Aruslanov səkkizdəbir finalda İvan Naumenkoya 5:12 hesabı ilə uduzub. Orxan Həsənli isə Yevgeni Ptaşniklə dueldən qalib ayrılaraq (12:7) dörddəbir finala yüksəlib. Eyni nəticəyə Nazilə Rəhimova da imza atıb. Şpaqaçımız Laura Zakovaya 12:4 hesabı ilə qalib gəlib. Həm Nazilə Rəhimova, həm də Orxan Həsənli medalın bir addımlığında məğlub olublar. Nazilə Rəhimova Alana Taymazovaya (10:12), Orxan Həsənli isə Artyom Xutornoya (8:12) uduzublar.